15 Dekabr 2017 11:10
1 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində qətl törətməkdə və oğurluq etməkdə təqsirli bilinən Masallı rayon sakini, 1994-cü il təvəllüdlü Ramil Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ramil Əbilov 24 may 2016-cı il tarixdə, saat 23 radələrində bibisi oğlu Pərviz Cəbrayılov ilə Rəşadət Eynullayevin birlikdə kirayədə qaldıqları Rüfət Ağayevə məxsus Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində yerləşən fərdi yaşayış evinə gəlib. O, pəncərədən içəri girərək Rəşadət Eynullayevə məxsus 510 manat dəyərində “Asus X-552C1” modelli kompüteri və 70 ABŞ dolları pulu oğurlayıb.

Bundan başqa, Ramil Əbilov iyulun 22-də, saat 12 radələrində mütəmadi olaraq qonaq getdiyi ögey anasının bacısı Gülyaz Musayevanın yaşadığı Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 15, mənzil 1 ünvana gəlib. O, özgənin əmlakını ələ keçirmək niyyəti ilə Gülyaz Musayevanı qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə Ramil Əbilov mətbəxdən bıçağı götürərək, 7-8 dəqiqə ərzində Gülyaz Musayevanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq onu öldürüb.

Daha sonra Ramil Əbilov həmin mənzili axtararaq qonaq otağından 588 manat dəyərində olan “Dell, İnspiron 15-33521” kompüteri, yataq otağındakı siyirmədən isə 800 manat pulu götürərək evi tərk edib.

Ramil Əbilova Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Əbilov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Ramil Əbilov apelyasiya şikayəti verib. O, apelyasiya şikayətində gənc olmasının, eləcə də yaşlı atasının xəstə olmasının nəzərə alınmasını xahiş edib. Ramil Əbilov ona daha yüngül cəza təyin edilməsini istəyib.

Ramil Əbilovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Hüseyn Nəbiyevin icraatında araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Ramil Əbilovun apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər