“Rabitə işi” ilə bağlı həbs edilən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəisi Beytulla Hüseynov cəzaçəkmə müəssisəsinə köçürülüb.
Teleqraf.com xəbər verir ki, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Beytulla Hüseynov 10 saylı cəzaçəkmə müəssisəsinə etap edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Beytulla Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 7 il 6 aya qədər endirilib, eyni zamanda əmlaklarının müsadirə olunması barədə qərar qəbul edilib.
Qeyd edək ki, Beytulla Hüseynov məhkəmə dövründə dövlətə vurduğu 10 milyon manatlıq ziyanı tam ödəyib.
Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.
O, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun rəhbərlik etdiyi dəstənin üzvü olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən onun cəzası 4 ilə endirilib.
Vidadi Zeynalola birlikdə mühakimə olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov 11 il, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov 10 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev 5 il, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmə əsasən, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyevun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib. Qərara əsasən, Namazalı Məmmədov, Qəmbər Bəybalayev, Anar Mustafayev və Emin Məmmədov şərti cəza verilib, onlara məhkəmə zalından azadlığa buraxılıb.
Bakı Apelyasiya Məhkəməsinin qərarından Vidadi Zeynalov, Beytulla Hüseynov və Oqtay Rüstəmov kasasiya şikayəti veriblər. Onların şikayəti Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icraatına götürülüb.