Bakıda adam oğurluğunda təqsirləndirilən Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslər ittihamla özlərini təqdirli bilmədiklərini söyləyiblər.
Daha sonra hazırda həbsdə olan zərərçəkmiş Pərviz Quliyev ifadəsində deyib ki, təqsirləndirilən şəxslər onu oğurlamayıb, pul tələb etməyiblər: "İndi ittiham aktını oxudular. Sanki başqa adamın cinayət işini oxuyurlar".
Hazırda proses davam edir.
İttihama görə, təqsirləndirilən şəxslər birlikdə qohumu Pərviz Quliyevi oğurlayıblar. Onlar Pərviz Quliyevin və tanışlarının 2016-cı ilin yanvarında "Odlar Yurdu" Universitetindən külli miqdarda pul oğurladığını biliblər.
Onlar oğurluq zamanı əldə olunmuş pullardan faydalanmaq məqsədilə Pərviz Quliyevə və digər dəstə üzvlərinə zəng edərək, polisə xəbər verməyəcəklərini söyləyib, bunun qarşılığında pul istəyiblər.
Pərviz Quliyev onların bu tələbini rədd edəndə, 2016-cı il martın 13-də kafedən çıxarkən onlar Pərvizin qabağını kəsib, ona zor tətbiq etməklə, Altay Əliyevin idarə etdiyi avtomobilə mindiriblər.
Pərvizi başqa kafeyə apararaq, orda döyüb, əldə etdiyi puldan onlara da verməsini tələb ediblər. Pərviz Quliyev pulunun olmadığını dedikdə, dəstə üzvləri 40 min manata ev aldığını xatırladaraq həmin evi satmasını tələb ediblər.
Belədə evi satan Pərviz Quliyev onlara əvvəl 15 min manat, daha sonra əlavə 3 min manat verib.
Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası dekabrın 19-da baş tutub.
İclasda tıqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləndən sonra məhkəmə baxışı dekabrın 21-nə təyin edilib.
Xatırladaq ki, 2017-ci ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsində "Odlar Yurdu" Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat olan seyfi oğurlamaqda ittiham olunan şəxslərə hökm oxunub. Hökmə əsasən, Sübhan Ələkbərov 7 il, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasovun hər biri 9 il, Vüqar Vəliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.