21 Dekabr 2017 15:16
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:52

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə prosesdə təqsirləndirilən Füzuli Əliyev zərərçəkmiş Rauf Həsənovun epizodu üzrə ifadə verib.

O, ittihamları rədd edib, günahsız olduğunu söyləyib.

Prosesdə fasilə elan olunub.

***

Məhkəmədə ifadə verən Füzuli Əliyev sahibkar Rauf Həsənova hədə-qorxu gəlmədiyini deyib.

Onun sözlərinə görə, Rauf Həsənovdan 2010-cı ilin iyununda sabiq rəisi Sübahir Qurbanovun tapşırığı ilə hədə-qorxu gəlməklə 100.000 ABŞ dollarının tələb olunması barədə ittihamda yazılanlar həqiqətə uyğun deyil.

Füzuli Əliyev zərərçəkmişdən 300.000 ABŞ dolları məbləğində pulu rüşvət kimi almasını da inkar edib: “Rauf Həsənov adlı şəxsi tanımıram, ondan pul almamışam”.

Zərərçəkmiş qismində dindirilən Rauf Həsənov ifadəsində göstərib ki, əvvəllər Yasamal rayonunda yerləşən “Remtoçmex” deyilən müəssisədə zərgərlik məmulatları üzrə usta işləyib.

Onun sözlərinə görə,1995-ci ildən etibarən Mərkəzi Univermaqda zərgərlik fəaliyyəti ilə məşğul olub: “Dubaydan və Türkiyədən gətirdiyim qızılları Bakıda icarəyə götürdüyüm mağazada satmışam. Bir müddət sonra Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 14-də kiçik zərgərlik emalatxanası açdım”.

Zərərçəkmiş bildirib ki, təxminən 2010-cu ildə zərgər yoldaşlarından MTN-də yüksək vəzifədə işləyən Füzuli Əliyev vasitəsilə bu nazirliyin rəhbərliyinin zərgərlik sahəsini inhisara götürdüynü eşidib: “Elə həmin ilin yay aylarında mobil telefon nömrəmə Füzuli Əliyev zəng vuraraq “20 Yanvar” metrosuna gəlməyimi tapşırdı. Onunla “Şamaxinka” ərazisində görüşdük. Orada hədə-qorxu gələrək qızıl qaçaqmalçılığı ilə məşğul olduğumu, məni həbs edəcəyini, sabah MTN-ə gəlməyimi tapşırdı.

Ertəsi gün MTN-ə getdim. Füzuli Əliyev məni giriş qapısında qarşıladı, kabinetinə apardı. Xaricdən qaçaqmalıçılıq yolu ilə ölkəyə brilyant gətirməkdə təqsirləndirərək həbs olunacağımı dedi”.

Rauf Həsənov deyib ki, həmin ərəfədə Dubaydan özünə “Land Cruiser” markalı avtomaşın alıb və Azərbaycana gələndən sonra adını xatırlamadığı bir nəfər zəng vurub: “Həmin şəxsə Dubaydan brilyant qaşlar gətirdiyimi dedim. Bu danışığı da Füzuligil izləyibmiş. Məhz bu danışığa görə o, məndən 100 min dollar tələb etdi. Heç bir ittiham irəli sürmədi, fakt göstərmədi. Qorxduğum üçün ona həmin pulu çalışıb verəcəyimi dedim ki, məni buraxsın. Amma o qədər pulu verməyə maddi imkanım yox idi”.

Zərərçəkmiş qeyd edib ki, MTN əməkdaşları sahibkara səhər tezdən banklar açılan kimi 300 min dollar kredit götürərək onlara gətirməyi məsləhət görüblər: “Mənim də deyilənlərlə razılaşmaqdan başqa çarəm qalmadı. Bundan sonra sərbəst buraxIdım. Həmin gecə bütün qohumlardan, dostlardan pul topladim. Ertəsi gün MTN-ə aparıdım. Bu hadisədən sonra sarsıntı keçirən anam rəhmətə getdi. Pulun 20 min dollarını isə dostum Rizvandan almışdım. Pulu Füzuliyə Mərkəzi Klinik Xəstəxananın yanında vermişəm. Füzuli sellofan torbadakı 300 min dolları aldı”.

Hazırda prosesdə fasilə elan olunub.


Müəllif: Hacı Zeynalov