Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər ərazisində firmalardan birində Rauf Heybətov Mübariz Məmmədovla mübahisə edib. Mübahisə zamanı Mübariz Məmmədov Rauf Heybətovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, bıçaqlanan Rauf Heybətov firmalardan birində müdir işləyib, Mübariz Məmmədov isə onun işçisi olub. Onların mübahisəsi pul üstündə olub.
Mübariz Məmmədov firmaya məxsus materialları satıb və pulunu firmaya təhvil verməyib.
Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Mübariz Məmmədov həbs edilib.
İstintaqa ifadəsində Mübariz Məmmədov törətdiyi cinayəti etiraf edib. O bildirib ki, firmada ekspeditor vəzifəsində işləyib. Firmadan götürdüyü malları mağazalara paylayıb. Amma mağazalara paylanan malların pullarını yığa bilməyib.
Bu səbəbdən də onunla müdiri arasında mübahisə yaranıb. Hadisə baş verən vaxt Mübariz Məmmədov müdirindən pulu toplamaq üçün vaxt istəyib. Amma Rauf Hümbətov ondan pulu dərhal ödəməsini tələb edib. Onların mübahisəsi sonda qanlı cinayətlə nəticələnib.
Faktla bağlı cinayət işi başlanıb.
***
Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində baş verən bıçaqlanma ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, yanvarın 6-da Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə bir nəfərin baş nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.
Dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla zərərçəkmişin Köhnə Corat qəsəbə sakini Rauf Heybətov olması müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanıb.
Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Nəzərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Foto Report-a məxsusdur.