Bakıda dələduzluqda təqsirləndirilən Ceyran İsmayılova və Türkay Əkbərlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra vəkil Adəm Məmmədov vəsatət qaldırıb. O, hər iki qadının günahsız olduğunu və onların barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
Vəsatət təmin edilməyib. Məhkəmə baxışı yanvarın 17-ə təyin olunub.
İttihama görə, Ceyran İsmayılova və Türkay Əkbərli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittihan olunur. Onlar vətəndaş Bəhruz Nağıyevin 400 min manat pulunu mənimsəməkdə təqsirli bilinirlər.
İttihama görə, Türkay Əkbərli ilə Bəhruz Nağıyev sevgili olub. Türkayın dələduzluğu Ceyran İsmayılova ilə əlbir törətdiyi bildirilir.