Bakıda evə basqın edərək 1 nəfəri qətlə yetirib, 2 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Sənan Məmmədov 19 il cəza alıb.
İttihama görə, bu il iyunun 23-də gecə saatlarında Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş “Sovetski”) 1967-ci il təvəllüdlü Mətanət Həsənovaya məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Mahirə Əliyevanın yanına keçmişdə münasibətdə olduğu bildirilən Sənan Məmmədov 3 nəfərlə gəlib.
Sənan Məmmədov və Mahirə Əliyeva arasında münaqişəyə ev sahibəsi və onun 1991-ci il təvəllüdlü oğlu Laçın Həsənov müdaxilə etmək istəyiblər. Sənan Məmmədov əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetirib.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Mahirə Əliyeva xəstəxanada ölüb.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılıb.