Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Rəhim Rəhmov qəza törədən ərəfədə Bakı Dövlət Universitetində təhsil aldığını deyib.
Təqsirləndirilən şəxsin vəkili qeyd edib ki, Rəhim Rəhimovun atası və qanuni nümayəndəsi Akif Rəhimov səhhəti ilə əlaqədar olaraq məhkəmədə iştirak etməyir. O, iclasın təxirə salınmasını istəyib.
Növbəti proses yanvarın 30-da davam edəcək.
Qeyd edək ki, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Elton qızı Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən “Jeep Grand Cherokee” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Sürücü isə hadisə yerindən qaçıb.
İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası keçirilib.
Aparılmış profilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə gələrək özünü istintaqa təqdim edib.
Rəhim Rəhimovun atası Akif Rəhimovun "Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.
Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır.