Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com-un məlumatına görə, rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl əşyaların oğurlanması barədə 24-cü polis bölməsinə məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Hüseynov və Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.
Məlum olub ki, Səbuhi Hüseynov oğurluğu törətməkdə yeniyetmədən istifadə edib. O, həmin yeniyetməni oğurluğa girdiyi evə göndərib və ev sahibinin orada olub-olmadığını yoxlatdırıb.
Yeniyetmə oğurluq planına pula görə qoşulub.
O, oğurluq üçün planlaşdırılan evi yoxlayıb, orda heç kimin olmadığını bilib, bu barədə oğru yoldaşına məlumat verib.
Bundan sonra o, evin yaxınlığında pusquda dayanıb və Səbuhi Hüseynov evə girərək oğurluq edib.
Faktla bağlı cinayət işi başlanıb.