26 Yanvar 2018 13:20
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:22

Dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sərliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı bu gün günün ikinci yarısına təyin edilib. Prosesdə prokurorun ittiham aktını elan edəcəyi gözlənilir.

***

Dələduzluqda təqsirli bilinən Rövşən Heybətovun cinayət işi üzrə məhkəmənin baxış başlayıb.

Prosesdə prokuror ittiham aktını elan edib.

Rövşən Heybətov ittiham üzrə özünü təqsirli bilməyib.

Daha sonra zərərçəkmiş şəxs qismində Elnur Məmmədov ifadə verib. O bildirib ki, Rövşən Heybətovu 10 ildir tanıyır: “Rövşənin haqqında yaxşı şeylər eşitmişik. 2015-ci ildə idman maşınım vardı. Onu satdım. 125 min manata satmışdım. Pulum vardı. İstəyirdim Almaniyadan maşın alam. Sonra Rövşən dedi ki, neynirsən, maşın alırsan, gəl iş quraq. Razılaşdım. Dedi ki, ordan gələn pulla daha yaxşı maşın alarıq”.

Zərərçəkmişin sözlərinə görə, Rövşənə həmişə dəstək olub: “Ona etibar elədim, çünki problemi olub, kömək etmişəm. 210 min dollarlıq vəsait lazım idi. Onu ağsaqqalımla, yəni atamla tanış elədim. Atamla Rövşən söhbət etdi. Atam dedi ki, pulu götürsən, nə olsa, cavabdeh sənsən. Rövşən razılaşdı, atam da xeyir dua verdi. 100 min dollarım qalmışdı. Sonra bankdan 1 aylıq 100 min də götürdüm. Rövşənlə görüşdük. Özünə dedim ki, pul elə olsun batmasın”.

Elnur Məmmədov bildirib ki, həmin pulları Rövşən özü ilə Türkiyəyə aparıb: “Özü ilə gedəndə iki dənə idmançı aparmışdı. Ora çatanda mənə dedi ki, pulu götürmüşəm. Hə dedim ehtiyatlı ol. Sonra özüm də Türkiyə uçdum. Yolda mənə video atdı ki, maşın icarəyə götürüb. Dedim ki, ehtiyatlı ol. Bir müddət keçəndən sonra Rövşənin özü ilə apardığı uçaqlar mənim qabağıma qaçdı. Dedilər Rövşən qəza törədib. Zəng elədim. Dedi ki, boynum qırılıb. Qaçdım xəstəxanaya. Gördüm sağlamdı, lakin özünü başqa cür apardı. Sual verdim, qəribə cavablar verirdi. Soruşdum pul hanı dedi nə pul, maşında aparıblar. Getdik polisə. İfadəsini aldılar. Orda pulu istədik. Polisdə dedilər ki, avtomobillə pul olmayıb”.

Elnur Məmmədov bildirib ki, sonradan aldandığını anlayıb: “Avtomobilə gedib baxdım ki, udar yoxdu. Rövşəni çəkdim ki, nətər olacaq. Qayıdıb mənə dedi ki, vəziyyətimi görmürsən. Aramızda dava oldu. Sonra qayıtdıq Bakıya. Atamla danışdı. Orda ağsaqqala dedi ki, evini bizim adımıza keçirəcək. Sonra onu da eləmədi. Ölkəni tərk elədi. 10 gündən bir danışa bilirdik. Bir dəfə 20 min dollar, 5 min dollar göndərdi. Sonra bu da kəsildi. Ümumilikdə iki il ərzində 144 min dollar pul verib”.

Növbəti proses fevralın 2-də davam edəcək.

İş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 210 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. Rövşən Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

İstintaq sənədinə görə, Elnur Məmmədov işlə bağlı Röşən Heybətova 200 min manat verərək Türkiyəyə göndərib. Rövşən Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman pulun üzərində olmadığını görüb. Elnur Məmmədov buna inanmayaraq Rövşən Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İstintaq tamamlandıqda isə Rövşən Heybətov yekun olaraq 210 min manat mənimsəməkdə ittiham edilib.

Onu da qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər