Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com zəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Xəyalə Məlikova ifadə verib.
O qeyd edib ki, Habil Vəliyevi bağışlayıb: "Heç bir şikayətim, tələbim yoxdur. Pulu Habilin özünə verməmişəm. Köməkçisinə 1000 bir, 2000 manat da bir vermişəm. Pullarım ödənilib".
Zərərçəkmiş Hatəm Rəhimov qeyd edib ki, otel işlətdiyi üçün Habil Vəliyevə pul verib: "Otelə görə məni şantaj edirdilər. 22 min manat pul vermişəm. Bunu bir neçə dəfəyə çatdırmışam. Pulu Habilin özünə yox, Surxay vasitəlisə vermişəm. Hazırda ziyanım ödənilib. Heç bir şikayətim, tələbim qalmayıb".
Habil Vəliyev isə bildirib ki, zərərçəkmiş onu heç vaxt görməyib.
Zərərçəkmiş şəxs qismində ifadə verən Ramil Quliyev bildirib ki, Bakıda firma işlədib: "2015-ci ildən "Gündəlik Bakı" qəzetində firmamla bağlı silsilə yazılar getdi. Habil Vəliyevə zəng elədim, dedi ki, yaxşı edib yazıram. Dedim, səni məhkəməyə verəcəm. Dedi ki, get neynirsən elə. Məhkəmə verdim. Yaxınlaşdı ki, siz kimsiz məni məhkəmə vermisiz? Başladı şantaj elədi. Məhkəmə zamanı şou yaradırdı. Bunun arxasında böyük adam durduğunu hiss elədim. Ona görə bir də məhkəmədən çəkildim.
Mənə pul ziyanı dəyməyib. 4 min pul istəmişdi. Pulu məndən yox, vəkilim Adəm Məmmədovdan istəyib. Verməmişdim. Hədə-qorxu gəlirdi.
Tutulandan sonra DTX-dan dəvət elədilər. Zərərçəkmiş kimi tanınmışam. İndi şikayətim-tələbim yoxdur. Allah qapısını açmışam".
Habil Vəliyevim bacısı oğlu Pərvin Məmmədov Cahargah oteli epizodu üzrə dindirilib. Şahid bildirib ki, istintaqa verdiyi ifadəsini xatırlamır. "Cahargah otelin sahibi Nofəl oranı əxlaqsızlıq yuvası kimi çalışdırırdı. Biz də yazılar yazırdıq. Nofəlin özü redakasiyaya gəldi, Habil müəllim onu qovdu. Nofəl mənə yaxınlaşdı. Dedim dayımın işinə qarışa bilmərən".
Pərvin Məmmədovun istintaqa ifadəsi elan edilib. O, istintaq ifadəsindən imtina edib, bildirib ki, onu təzyiq altında verib. İstintaq ifadəsində qeyd edilib ki, dayısı otel sahibindən 5 min manat pul tələb edib.
Növbəti proses fevralın 8-də davam edəcək.
İttihama görə, Habil Vəliyev zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək onlardan külli miqdarda pul tələb edib.
Belə ki, o, Günəşli qəsəbəsindəki “Araz” kafesinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə “rüsvayedici məlumatlar” yayacağı ilə hədələyərək obyektin sahibi Habil Hüseynovdan 2007-ci ildən etibarən aylıq 200 manat haqq alıb. Sonradan aylıq haqqı artırıb və 2016-cı ilədək Habil Hüseynovun 30 min manatını ələ keçirib.
Daha sonra Habil Vəliyev Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfovu rəhbərlik etdiyi idarədə qanunsuzluqların baş verməsi, rayon ərazisində fəaliyyət göstərən müxtəlif dövlət təşkilatlarına ayrılmış pul vəsaitlərini mənimsənilməsinə dair məlumatlar, həmçinin şəxsi nüfuzuna və işgüzar fəaliyyətinə xələl gətirəcək rüsvayedici məlumatlar yaymaqla hədələyib. Bu yolla məmurdan xeyli pul alıb.
Habil Vəliyev cinayətkar qrupun digər üzvləri ilə birlikdə zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə hədə-qorxu gəlib. Onlar Fuad Məmmədov, Tofiq Sadıqov, Rəşid Mənəfov, Xəyalə Məlikovanın əmlakını, Xəyyam Həsənov, Nofəl Musayev, Ramil Quliyev, Rafiq Rəsulovun xeyli miqdarda əmlakını, eləcə də Ramiz Cəbrayılov, Hətəm İbrahimov, Habil Hüseynov və Rasim Bağırovun külli miqdarda əmlakını ələ keçirib.