30 Yanvar 2018 14:46
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan Qlobal Stone MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov kasasiya şikayəti verib.

Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, kasasiya şikayəti bu günlərdə məhkəməyə təqdim olunub.

Təqsirləndirilən şəxs kasasiya şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Miryusif Mahmudovun şikayəti hakim Fərhad Kərimovun icraatına verilib.

Məhkəmədən qeyd ediblər ki, Miryusif Mahmudovla birlikdə mühakimə olunan digər şəxslərin şikayəti məhkəməyə təqdim edilməyib. Yaxın günlərdə şikayət üzrə ilkin baxış iclası təyin olunacaq.

Qeyd edək ki, Miryusif Mahmudov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Onunla birlikdə mühakimə olunan Qlobal Stone MMC-nin baş direktoru Uğur Bəşirov 5 il, cəmiyyətin İdarə Heyətinin sədr müavini Ələkbər Əsgərov 4, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov 4, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin sabiq müdiri Ədalət Rəcəbov 4, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin sabiq rəisi Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

“Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının sabiq müdiri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq baş direktoru Akif Əlibəyovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkim etmə) maddəsi tətbiq edilib və onlar şərti cəza alıblar.

Birinci instansiya məhkəməsinin hökmündə qeyd olunub ki, yanğın zamanı dövlətə 8 milyon 750 min manat ziyan dəyib. Cinayət işi üzrə 3 nəfərin verdiyi mülki iddia baxılmamış saxlanılıb. Onlara izah edilib ki, yerli məhkəməyə mülki qaydada müraciət edə bilərlər.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin barələrində bəraət hökmünün çıxarılması ilə bağlı apelyasiya şikayətləri təmin edilməyib.

İttihama görə, 2015-ci ilin mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb.

Baş verən yanğın hadisəsini araşdıran prokurorluq təqsirləndirilən şəxsləri təqsirli bilib və onların barəsində rəsmi ittiham elan edilib.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər