Bakının Yasamal rayonunda yaşayış evinə basqın edən dəstə üzvləri yaxalanıb.
Teleqraf.com xəbər verir ki, yanvarın 25-də Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün axşam rayon ərazisindəki mənzillərdən birində Muxtar Məmmədovun əl-ayağını yapışqanlı lentlə stula bağlayaraq döyüb, cibindəki 150 manatı və mobil telefonu götürməkdə təqsirli bilinən dəstə üzvlərindən Orxan Hüseynov “isti izlər”lə saxlanılıb, digərlərinin isə şəxsiyyətləri müəyyən edilib.
Daha sonra dəstənin digər üzvləri - Maya Qasımova, İsrafil Kərimov, Elçin Osmanov və Şabran rayon sakini Seyidsara Heydərova da saxlanılaraq istintaqa cəlb ediliblər.
Qeyd edək ki, yanvarın 25-də axşam saatlarında Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub.
27-ci polis bölməsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.
Araşdırmalarla məlum olub ki, Bakı şəhər sakini Muxtar Məmmədov internet vasitəsi ilə tanış olduğu Maya adlı qadınla saat 21 radələrində həmin evə gəlib. Bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan 3 maskalı şəxs Muxtarın əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyüb, cibindəki 150 manatı və mobil telefonu götürərək, Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayıb gediblər.
Muxtar Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb, ətrafdakıları köməyə çağırıb.
Polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb, quldurluğu törətməkdə şübhəli bilinən 4 nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.