8 Fevral 2018 10:47
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Emil Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Təqsirləndirilən şəxsin vəkili məhkəmədən çıxış üçün vaxt istəyib. Bu səbəbdən proses qeyri-müəyyən vaxta təxirə salınıb.

İttihama görə, təqsirləndirilən Emil Hüseynov Emin Məmmədovdan külli miqdarda pul alaraq Elnar Əsgərova (keçmiş Nəqliyyat nazirinin müavinin oğlu-red.) verib.

Emil Hüseynov eyni zamanda Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar, Mərziyyə Rzayevadan isə 19 min 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanıb. Cinayət materiallarına əsasən, Emil Hüseynov həmin vətəndaşları Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə aldadıb.

Cinayət işində ümumi ziyan 9 milyon manatdır.

Emil Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Elan olunmuş ittiham üzrə Emil Hüseynov özünü qismən təqsirli bilib.

Qeyd ki, Emil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbiri sonradan ev dustaqlığı ilə əvəz edilib. O, sabiq Nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

Emil Hüseynovun digər qardaşı Rahib Hüseynov da eyni ittiham üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onun işinə hakim Mirzə Xankişiyev baxır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər