Suriya və Pakistanda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Rövşən Qədirov kasasiya şikayəti verib.
Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, Rövşən Qədirov kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğvini, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Rövşən Qədirovun şikayəti hakim Gülzar Rzayevanın icraatına verilib. İlkin baxış iclası martın 6-na təyin edilib.
İttihama görə, Quba rayon sakini Rövşən Qədirov qazanc dalınca Türkiyəyə gedib. Orada İbrahim adlı Türkiyə vətəndaşı ilə tanış olub. İbrahım Rövşən Qədirova Pakistandakı proseslər, silahlı islamçı qrupların şəriətin müdafiəsi uğrunda fəaliyyəti və onların “müsəlmanlara zülm edənlərə” qarşı mübarizələri haqqında məlumat verib.
İbrahimin təsiri altında Rövşən Qədirov 2009-cu ildə cihad üçün Pakistana gedib və “Yunus” ləqəbli komandirin rəhbərlik etdiyi “Türk camaatı”na qoşulub. Amma sonradan onun digər mücahidlərlə fikir ayrılıqları yaranıb və 2010-cu ilin martında Türkiyəyə qayıdıb.
2011-ci ilin sentyabrında Rövşən Qədirov yenidən cihadda iştirak qərarı verib, bu dəfə Suriyaya yola düşüb. 2012-ci ilin yanvarında yaralandıqdan sonra Türkiyəyə qayıdıb.
O, ötən ilin aprelin 17-də Azərbaycana gəlib və bir müddət sonra həbs olunub.
Rövşən Qədirov ittihamları qəbul etməyib, ümumiyyətlə, Pakistanda olmadığını, Suriyaya isə humanitar yardım aparmaq üçün getdiyini bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Qədirov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib.
Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.