Bakıda qətl törətməkdə təqsirləndirilən Rəşad Həsənov və Aftandil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirilən Rəşad Həsənov özünü təqsirli bilməyib. Digər təqsirləndirilən Aftandil Məmmədov isə özünü qismən təqsirli bilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Ülkər Yusifova işlə tanış olmadığını deyib. Bunun üçün məhkəmədən vaxt istəyib.
Növbəti proses martın 7-də davam edəcək.
İttihama görə, hadisə ötən il iyulun 3-də Nəsimi rayonunda baş verib. Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevin zorakılıq əlamətləri olan meyiti rayonun Fikrət Əmirov küçəsində aşkar edilib.
Qətli törədən Bakı sakini Rəşad Həsənov və Ağstafa rayon sakini Aftandil Məmmədov həbs edilib. Tələbəni öldürən hər iki şəxsin əvvəllər məhkumluq həyatı yaşadıqları məlum olub.
Samir Mehdiyev həmin ərazidə tikinti şirkətlərindən birinin tikdirdiyi binada gözətçi işləyib. Gecə saatlarında Rəşad Həsənov və Aftandil Məmmədov tikinti materialları oğurluğuna gəliblər. Samir Mehdiyev oğurluğun qarşısını almaq istəyib.
Onların arasında mübahisə yaranıb və oğrular Samir Mehdiyevi döyərək öldürüblər.