8 Mart 2018 14:26
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov barəsində məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Marat Ueldanovun barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi kasasiya şikayəti təmin edilməyib.

İttihama görə, Rusiya vətəndaşı Marat Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb.

Bundan sonra Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Marat Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Marat Ueldanovun şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Marat Ueldanov kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda narkotik vasitə) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, hökmdən sonra cəzaçəkmə müəssisəsinə göndərilən Marat Ueldanovun daha sonra saxlanma rejimi dəyişdirilib.

Belə ki, müəssisənin rəisi Marat Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə Xəzər rayon Məhkəməsinə təqdimatla müraciət edib. Məhkəmə təqdimatı təmin edib və Marat Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə qərar qəbul olunub. Qərardan narazı qalan məhkum apelyasiya şikayəti verib. O, şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin bu il fevralın 14-də elan etdiyi qərara görə, Marat Ueldanovun apelyasiya şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər