Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Pirallahı qəsəbəsində əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı qəsəbə sakini Elçin Bayramovun evindən 1 ədəd “F-1” qumbarası aşkar edilib.
Oxşar əməliyyatı Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları da keçirib. Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Maarif Məmədovun yaşadığı evdən qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng və 5 ədəd patron götürülüb.
Bundan başqa, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şabanovdan 1 ədəd tapança, 1 ədəd patron darağı və 9 ədəd müxtəlif çaplı patron aşkarlayıblar.
Bundan başqa, Ucar rayon polis şöbəsinin əməkdaşları Lək kənd sakini Omar Rzayevin yaşadığı evdən 97,3 qram marixuana və müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi, Sabirabad rayon polis şöbəsinin əməkdaşları Nəsimikənd kəndində yaşayan Nəriman Hüseynovun evindən müvafiq sənədləri olmayan “TOZ-28” markalı ov tüfəngi götürüblər.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanıb.