Respublikanın daxili işlər orqanları külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Cəlilabad şəhərinin ərazisində keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş şəhər sakini İlqar Rüstəmov saxlanılıb.
Şəxsi axtarış zamanı onda 50 qram narkotik vasitə olan heroin aşkar edilib.
Onun yaşadığı evdə əməliyyat-axtarış tədbirləri zamanı isə əlavə olaraq 100 qramdan artıq heroin, 4,221 qram tiryək, 20 qramdan çox “Metamfetamin”, həmçinin 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Bundan başqa, Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş şəhər sakini Ravin Əliyev 2,42 qram marixuananı satarkən cinayət başında yaxalanıb.
Şəxsi axtarış zamanı ondan 2,25 qram, idarə etdiyi “VAZ-2107” markalı avtomobildən isə əlavə 473 qram marixuana aşkar edilib.
Hər iki faktla bağlı cinayət işi başlanıb.