Dələduzluq yolu ilə insanları aldadan və onların xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, 2016-ci ilin iyul ayında Yaşma sakini Azad Cəlilov Xızı rayon polis şöbəsinə müraciət edib.
Qeyd edib ki, İlqar adlı şəxs ona yalan vəd verib, 2015-ci ilin iyul ayında Siyəzən rayonu ərazisində ona məxsus daş karxanasından ümumi dəyəri 33189.00 manat olan tikinti materialını əvəzsiz olaraq alaraq pulunu mənimsəyib.
Xızı rayon polis şöbəsi tərəfindən axtarış edilən Bakı şəhər sakini İlqar Məmmədovu Quba rayon polis şöbəsinin əməkdaşları aprelin 1-də tutulub.
Məlum olub ki, İlqar Məmmədov zərərçəkmiş Azad Cəlilovdan dələduzluq yolu ilə əldə etdiyi çınqıl materialını qabaqcadan külli miqdarda borclu olduğu Bakı şəhər sakini Azər Əhmədova hər tonu 9 manatdan sataraq borcunu ödəyib.
Qeyd edilən faktla bağlı Xızı rayon polis şöbəsinin istintaq qrupunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.