20 Aprel 2018 16:45
3 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilənə kimi milli təhlükəsizlik naziri olmuş, ehtiyatda olan general-polkovnik Eldar Mahmudov və həmin nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş, ehtiyatda olan general-mayor Movlan Şıxəliyev məhkəməyə verilib.

Teleqraf.com xəbər verir ki, hər iki rəhbər olmuş şəxsi məhkəməyə bir müddət əvvəl şərlənərək həbs edilən, 21 ay həbsdə saxlanılan və sonradan isə bəraət alan Mətləb Mustafayev verib.

Mətləb Mustafayev sabiq nazir Eldar Mahmudova qarşı Yasamal rayon Məhkəməsində iddia qaldırıb. O, iddia ərizəsində Eldar Mahmudovun sifarişi ilə şərlənərək həbs edilməsini göstərib.

Mətləb Mustafayev sabiq nazirdən 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edib. Bu iddia ərizəsi baxılması üçün hakim Sərdar Mehrəliyevin icraatına verilib.

Məhkəmənin ilkin baxış iclası aprelin 24-nə təyin edilib.

Mətləb Mustafayev Movlan Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini Səbail rayon Məhkəməsinə göndərib. O, iddia ərisəzində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın Mövlan Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını göstərib. Ona qarşı həmin idarədə qanunsuz hərəkətlər edilib, guya İran vətəndaşı olan Rza adlı şəxsdən aldığı silahla bağlı barəsində ittiham hazırlanıb.

Mətləb Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat ödəməsini tələb edir.

Bu iddia ərizəsi hakim Nurəddin Bağırovun icraatına verilib.

İlkin baxış iclası mayın 1-nə təyin edilib.

Mətləb Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib.

Buna səbəb həm Eldar Mahmudov, həm də Mövlan Şıxəliyev qanunsuz hərəkətlər edən zaman dövlət orqanlarında rəhbər şəxs olmaları olub.

Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib.

O, 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

MTN-in o dövrdə məhkəməyə göndərdiyi ittihamdan məlum olur ki, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.

Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib və 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Müdafiə tərəfinin kasasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub.

Mətləb Mustafayev apelyasiya şikayətində günahsız olduğunu, MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, MTN-nin rəhbər şəxsləri və digər əməkdaşları tərəfindən şərlənərək həbs edildiyini qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bundan sonra Bakı Apelyasiya Məhkəməsində hakim Rizavn Səfərovun sədrlik etdiyi kollegiyada Mətləb Mustafayevin işinə yenidən baxılıb. Hakim heyətinin qərarı ilə Mətləb Mustafayevin barəsində bəraət hökmü çıxarılıb.

Mətləb Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib.

MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyev Mətləb Mustafayevdən başqa vəzifəli şəxslərin əleyhinə ifadə almağa çalışıblar.

MTN ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev həbs edilib. O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.

İlqar Əliyev intihar edəndən sonra Elçin Quliyev həbs olunub. Elçin Quliyev və onun işçisi Azər Mehdiyevin cinayət işi Bakı Hərbi Məhkəməsində keçirilib.

Məhkəmənin hökmü ilə Elçin Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən narazı qalan Elçin Quliyev apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun bəraət istəməsi barədə şikayəti təmin edilməyib.

Elçin Quliyevin barəsində tərtib edilmiş ittiham aktında Mətləb Mustafayev və Malik Mustafayev zərərçəkmiş şəxs qismində tanınıblar.

Mətləb Mustafayev həmçinin zərərçəkmiş Malik Mustafayevin hüquqi varisi qismində də tanınıb.

Qeyd edək ki, Eldar Mahmudov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Mətləb Mustafayevin işi üzrə məhəkəmələrə müdaxilə edilməyib. Bu səbəbdən Mətləb Mustafayevin cinayət işi tam obyektiv aparışdırılıb və onun Eldar Mahmudov, Elçin Quliyev, İlqar Əliyev, Mövlan Şıxəliyev və digər vəzifəli şəxslər tərəfindən şərləndiyi, sifarişlə həbs edildiyi tam sübuta yetirilib.

Bu səbəbdən onun şərləyən keçmiş rəhbər şəxslərə qarşı məhəkəmlərdə təzminat davası açır.

Mətləb Mustafayev həmçinin onu şərləyərək, 21 ay həbsdə saxlayan Eldar Mahmudov və Mövlan Şıxəliyevin barəsində cinayət işi başlanması üçün Baş Prokurorluğa da müraciət ünvanlayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər