4 İyun 2018 19:18
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquqşünas Aslan İsmayılova qarşı cinayət işi qaldırılıb.

Bu haqda musavat.com-a məhkəmə orqanlarındakı mənbədən məlumat daxil olub.

Məlumatda bildirilir ki, hüquqşünas haqda cinayət işinin qaldırılmasına 2017-ci ilin oktyabrın 2-də Binəqədi rayon məhkəməsinin inzibati binasında baş vermiş hadisə səbəb olub. Aslan İsmayılovun məhkəmə heyətinə qarşı kobud hərəkətlərə yol verdiyi deyilir. Belə ki, o, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevə qarşı təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina olunması barədə hakim Rəşad Əliyevin qərar qəbul etdiyini öyrəndikdən sonra yüksək səslə buna etiraz edərək iclas zalından hakimin müşavirə otağına keçməsi üçün nəzərdə tutulmuş qapıdan məhkəmənin dəhlizinə keçməyə cəhd edib. Onun cəhdi baş tutmadıqda isə bağlı qapını sındırmağa çalışıb. Mənbə bildirir ki, zərbələrin şiddətindən qapı çərçivəsinin ətrafındakı boyanın bir hissəsi tökülüb.

Daha sonra A.İsmayılov iclas zalından çıxıb məhkəmənin həyətində ucadan səs-küy salaraq hakim və məhkəmə sədrinin onun qarşısına çıxmalarını tələb edib, onların ünvanına ucadan təhqiredici ifadələr işlədib.

Baş verənlərlə bağlı A.İsmayılovun ictimai qaydanı və məhkəmənin iş rejimini pozaraq xuliqanlıq hərəkətləri etməsi barədə Binəqədi rayon məhkəməsinin işçiləri tərəfindən akt tərtib olunaraq müvafiq materiallarla birlikdə Binəqədi rayon prokurorluğuna göndərilib. Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə ünvanlanıb.
Məhkəmə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının rəyinə görə, baş vermiş hadisə nəticəsində Binəqədi rayon məhkəməsinin əmlakına yüz otuz manat məbləğində maddi zərər dəyib.

Bu il mayın 25-də A.İsmayılova CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

04 iyun, 2018-ci il tarixində isə iş üzrə ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər