5 İyun 2018 13:14
1 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda külli miqdarda dələduzluqda təqsirli bilinən Naxçıvan sakini, 1961-ci il təvəllüdlü Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Ələddin Yusifov ifadə verib.

O bildirib ki, 2010-cu ildə dünyanın bir neçə ölkəsində neft şirkətləri olub: “Dövriyyəm 50 milyon ABŞ dolları, qazancım isə 10 milyon dollar olub. Zərərçəkmiş şəxs həmin il mənim yanıma 3 nəfər şəxslə gəldi və mənə iş qurmağı təklif etdi. Onların fəaliyyətini araşdırdım, gördüm ki, uğursuz iş adamlarıdır, müflis vəziyyətdədirlər. Bu adamlar təkidlə mənimlə işləməyi xahiş etdilər, 1 il müddətində mənim Yaşmadakı ofisimdə oturdular”.

Ələddin Yusifov qeyd edib ki, həmin dövrdə tenderdə qalib gəliblər: “Lakin “Airwerk” şirkətinin layihələrini icra etmək üçün bizim şirkətin hesabına 2 milyon dollar pul köçürdülər. Bu pulun 1 milyon 140 min manatını mən neft işləri üçün Qazaxıstana köçürdüm. Bu şəxslər mənə etibar etdiyi üçün sonradan Riqa şəhərindəki ofşor hesabıma 4 milyon ABŞ dolları pul köçürdülər. Dedilər ki, həmin pulu özləri lazım gəldikdə istifadə etmək üçün mənim bank hesabıma köçürüblər.

Bir müddət sonra isə verdikləri pulun hamısını özlərinə qaytardım. Bu pulları Elşən adlı şəxsin vasitəsilə zərərçəkmişə qaytarmışam. Yalnız 300 min manat borc qalıb, onu da əmlakımı sataraq qaytaracağımı demişəm”.

Zərərçəkmiş Stichternath Heins-Georg Tomas bildirib ki, təqsirləndirilən şəxsin ifadəsi həqiqətə uyğun deyil və fantaziyalarla doludur: “Düzdür, mən onunla 2010-cu ildə tanış olmuşam. Biz həmin müddətdə tenderdə dəyəri 125 milyon dollar məbləğində layihəni udduq. Yerli şirkətlərlə 45 milyon avro dəyərində iş qurduq”.

Zərərçəkimişin sözlərinə görə, neft işləri ilə bağlı tender keçirilməsi üçün bütün lazımi işləri həyata keçirib: “Ələddin Yusifov isə özünü bizə inşaat işlərini həyata keçirən şirkətin rəhbəri kimi təqdim edib və keçirilən tenderi udub. Lakin sonradan biz yoxlamalar nəticəsində onun inşaat sahəsində lazımi bacarıq və struktura malik olmadığını gördük. Buna görə tenderi ona vermədik. Ələddinlə münasibətlərimiz yaxşı idi, mütəmadi görüşürdük”.

Stichternath Heins-Georg Tomasın sözlərinə görə, Ələddin Yusifov ona neft məhsullarının ticarəti ilə məşğul olmağı təklif edib: “Bu da mənə maraqlı gəldi və neft ticarətinə girmək üçün ona 2 milyon avro pul verdim. Bu pulu onun Bakıdakı bankında olan hesabına köçürdüm. Sonradan Ələddin dedi ki, anbarları doldurmaq üçün məbləği müəyyən qədər artırmaq lazımdır. Bunun üçün məndən daha 2 milyon avro istədi. Bu pulu onun Riqadakı hesabına köçürməyimi xahiş etdi. Bu pulları ona etibar etdiyimçün verdim. Sonra daha 2 milyon, ümumilikdə 6 milyon avro pul köçürdüm.

Bu pulları köçürdükdən sonra o, mənimlə görüşmədi. Hər dəfə danışanda başqa-başqa ölkələrdə olduğunu dedi. Sonradan məlumat aldıq ki, prokurorluqda ona qarşı cinayət işi qaldırılıb, ofislərində axtarış olub. Bizə məlum oldu ki, o, bizim verdiyimiz pullarla Afrikada neft yox, qızıl yataqları alıb və bizə yalan danışıb. Mən onunla sonuncu dəfə 2015-ci ildə görüşdüm və pulu qaytarmağını istədim. Ancaq o bizə indiyədək heç bir manat da pul verməyib. Bunun əvəzində qaldığı villanı təklif etdi və 2016-cı ildə bu villanı bizə girov kimi verdi.

Bu villaya görə onun 6 milyon borcundan 2 milyon silmək qərarına gədik. Bundan sonra məlum oldu ki, bu villanın sənədlərində də problem var. Ümumi borcdan 1 milyon avro hissələrlə bizə geri qaytarıb, qalan borc isə hələ də qalıb. Hazırkı vəziyyətə görə onun bizə 3 milyon avro borcu qalıb”.

İttihama görə, Ələddin Yusifov 2005-ci ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub.

Ələddin Yusifov həmin MMC-nin direktoru vəzifəsində işləyərkən Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib.

O, almaniyalı iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, ona biznesə daha çox investisiya qoyulduğu halda daha çox gəlir əldə edəcəklərinə inandırıb.

Ələddin Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min manat istəyib, həmin pulun 20 faiz miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib.

Stichternath Heins-Georg Tomas Almaniya Federativ Respublikasında fəaliyyət göstərən müxtəlif banklar vasitəsi ilə “Texnikabank”da “QKSSS” MMC-nin hesabına 6 milyon 540 min manat (o vaxtı məzənnə ilə 6 milyon avro – red.) köçürüb.

Ələddin Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib.

İstintaq orqanı tərəfindən Ələddin Yusifovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.

Ələddin Yusifovun barəsində olan cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər