Bu gün Bakı Apelyasiya Məhkəməsində iş adamını öldürməkdə təqsirli bilinən deputatlığa keçmiş namizəd Nadir Orucovun apelyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Teleqraf.com-un xəbərinə görə, 2011-ci il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib.
Rövşən Rüstəmov aldığı güllə yarasından ölüb. Nadir Orucov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir Orucov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verərək cəzasını yüngülləşdirilməsini istəyib.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Nadir Orucovun apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Nadir Orucovun apelyasiya şikayəti təmin edilib və onun barəsində olan hökm ləğv edilib. Yeni hökmə əsasən Nadir Orucovun barəsində 10 il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Qeyd edək ki, Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizəd olub.
Hacı Zeynalov