Bakıda qətl törətməkdə təqsirləndirilən Vüqar Həsənov barəsində hökmdən prokurorun verdiyi apelyasiya protesti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə bəraət almış Vüqar Həsənovun anket məlumatları, daha sonra isə prokuror tərəfindən verilən protestin dəlilləri araşdırılıb.
Məlum olub ki, prokuror Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini, Vüqar Həsənovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Növbəti proses iyunun 27-də davam edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Həsənovun cinayəti özünümüdafiə məqsədilə törətdiyi qanaətinə gələrək bəraət hökmü çıxarıb. O, qanunsuz silah saxlama maddəsi ilə isə 9 ay müddətinə azadlıq məhrum edilib.
İttihama görə, ötən ilin oktyabrında Xətai rayonu ərazisində paytaxt sakini, 31 yaşlı Vüqar Həsənov Elşən Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb isə mərhumun Allaha və peyğəmbərə qarşı üsyanedici ifadələr işlətməsi olub.
Elşən Məmmədovun azyaşlı övladı xərçəng xəstəliyindən dünyasını dəyişib. Vüqar Həsənov da dostunun oğlunun yas mərasimi günü orada iştirak edib.
Elşən Məmmədov oğunun ölümündən üzüldüyünü söyləyib, buna görə Allahı və peyğəmbəri günahkar bilib, həmçinin nalayiq ifadələr işlədib. Vüqar Həsənov dostuna etiraz edib. Onlar mübahisəni yas mərasimindən kənarda davam etdiriblər.
Mübahisə qanlı sonluqla nəticələnib. Onlar bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər. Nəticədə ağır xəsarət alan Vüqar Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı Elşən Məmmədov isə hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, onlar eyni məhəllədə yaşayıb və dost olublar. Hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.