Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə ittiham olunan Zərifə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baş tutan proses qapalı keçirilir.
İstintaq orqanı tərəfindən Zərifə Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Zərifə Hüseynova Qaradağ rayonu ərazisində evlərdən birini kirayə tutub. Həmin evdə tanıdığı Əfsanə Məmmədovanı (ad və soyad şərti verilib – red) kişi müştəriləri ilə görüşdürüb, bunun müqabilində pul qazanıb.
Məlum olub ki, Zərifə Hüseynova Əfsanəyə kişi müştərilərlə pul müqabilində görüşməyi təklif edib. Əfsanə də onun təklifini qəbul edib.
Zərifə Hüseynova hər kişi müştəridən 50-70 manat alıb. Həmin pulun 20 manatını Əfsanəyə verib, qalan pulu isə özünə götürüb.
Əfsanə Məmmədova kişi müştəri ilə intim əlaqədə olan zaman polis həmin evdə əməliyyat keçirib.
Cinayət işi üzrə Əfsanə Məmmədova zərərçəkmiş şəxs qismində tanınıb.
Məhkəmədə ifadə verən Zərifə Hüseynova özünü qismən təqsirli bilib.
Zərərçəkmiş Əfsanə Məmmədova bildirib ki, kişi müştərilərlə görüşməsinə şəraiti Zərifə Hüseynova yaradıb. Onun sözlərinə görə, Zərifə hər müştəridən 50 manat alıb, ona 15-20 manat verib.
Növbəti proses avqustun 1-də davam edəcək.