16 Avqust 2014 10:42
4 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində 1991-ci il təvəllüdlü Mahir Dəmirovun cinayət işinə baxılıb.

İttihama görə, Sumqayıt şəhər sakini Mahir Dəmirov həmyerlisi, 25 yaşlı Rəşid İbişovu bıçaqlayaraq öldürüb. Hadisə 8 aprel 2013-cü ildə Sumqayıtda, 4-cü mikrorayon ərazisində baş verib.

Mahir Dəmirov həmin gün saat 23.00-da "Eskadron" çay evində Rəşid İbişovla çay içib. Bu zaman Rəşid onun mobil telefonundan Mehparə Muxtardustun fotoşəklini öz mobil telefonuna köçürmək istəyib. O, guya "tatuirovka"ya baxmaq bəhanəsi ilə telefonu ondan alıb, xəbər eləmədən şəkli telefonuna köçürüb. Bu səbəbdən onların arasında mübahisə baş verib.

Mübahisəni davam etdirmək üçün Rəşid ondan çay evindən kənara çıxmağı tələb edib. O, Rəşidin təkidi ilə küçəyə çıxıb. Qəflətən hücum edən Rəşid Mahirə zərbələr endirib, nalayiq ifadələrlə onu söyüb.
Bundan qəzəblənən Mahir Dəmirov Rəşid İbişovu öldürmək qərarına gəlib. Üstündəki bıçağı çıxararaq Rəşidə çoxsaylı zərbələr vurub. Rəşid İbişov hadisə şahidlərinin köməyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası çatdırılıb. Ancaq yaralının həyatını xilas etmək mümkün olmayıb. O, aprelin 10-da xəstəxanada dünyasını dəyişib. Mahir Dəmirov isə həbs edilib.

"Bir stol ətrafına yığışdıq"

Mahir Dəmirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Mahir Dəmirov apelyasiya şikayəti verib, əvvəllər məhkum olunmamasını nəzərə alınması xahiş edib.

Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçən prosesdə Mahir Dəmirov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, aprelin 8-də, saat 20-21 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən çayxanada dostu Nərimanla birlikdə çay içib: "Həmin vaxt Rəşid mənə zəng etdi. O, məni Sumqayıt şəhəri 4-cü mikrorayona çaya dəvət etdi. Mən də razılaşdım. Onunla avtodayanacağın yanında görüşdük və birlikdə "Eskadron" adlanan çayxanaya gəldik.

Rəşidlə stol arxasında yan-yana əyləşdik. Tural, daha sonra Nəriman da gələrək bir stolun ətrafında yığışdıq. Ümumi söhbətlər apararaq zarafatlaşarkən öz mobil telefonumdakı "tatuirovka" fotoşəklini Rəşidə göstərdim. Rəşiddən "tatuirovka"nı bəyənib-bəyənmədiyini soruşdum. Rəşid fotoşəkilə baxaraq "tatuirovka"nı bəyəndiyini bildirdi".

"Telefonu geri qaytarmağa inad etmədim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Rəşid eyni zamanda mobil telefonun qalereyasında olan digər fotoşəkillərə də baxmağa başlayıb: "Qız şəklini görüb, onun kim olduğunu soruşdu. Həmin qızın tanışım Mehparə olduğunu dedim. Qız açıq-saçıq geyimdə olduğundan Rəşidin xoşuna gəldi. Ona görə də şəkli öz telefonuna göndərəcəyini dedi. Mən onunla razılaşmadım. Rəşidə "Mehparəyə söz vermişəm, anamın canına and içmişəm ki, bu fotoşəkil ancaq məndə, mənim mobil telefonumda olacaq" deyə bildirdim.

Telefonu Rəşiddən zorla almaq istədim. O bu hərəkətini görüb "yaxşı, narahat olma, zarafat eləyirəm, sən öl, fotoşəkli köçürməyəcəm" dedi. Rəşidin "sən öl" vurması məni rahat saldığından telefonu geri qaytarmağa inad etmədim. Ancaq bir neçə dəqiqə sonra Rəşidin gülə-gülə "fotoşəkli öz telefonuma göndərdim" sözlərini deməsi mənə pis təsir etdiyindən əsəbləşdim. Ona "sən bəs mənə "sən öl" vurmuşdun, məgər sənin yanında belə hörmətsiz oğlanam ki, mənə, sən öl vurub, sonra da bunun əksini edirsən?!" dedim və öz telefonumu acıqla stolun üstünə tulladım".

"Sən peysərsən, sənin ananı..." deyərək məni təhqir etdi"

Mahir Dəmirov qeyd edib ki, bundan sonra Rəşidlə mübahisə edib: "Rəşidə "adam kişi olar" dedim. Bu zaman Rəşid əsəbləşərək ayağa qalxdı və mənə "sən mənə öz əsəbini göstərirsən?" dedi. O, mənim çölə çıxmağımı tələb etdi. Onunla küçədə əlbəyaxa olduq. Rəşid mənim jaketimin boynundan tutaraq boğa-boğa çayxanadan təxminən 10 metrə yaxın məsafəyə apardı. Xarici markalı avtomobilin yanında sifətimi şillələdi, başımı avtomobilin kabinasına vurmağa başladı, badalaq ataraq yerə yıxdı. Həmin vaxt çayxanada olan uşaqlar da küçəyə çıxıb, məni Rəşidin əlindən almağa cəhd etdilər. Rəşid əl çəkmədi. Rəşid "sən peysərsən, sənin ananı E" sözlərini deyərək məni təhqir etdi.

Onun anam haqqında dediyi sözlər mənə pis təsir etdi. Yarım oturaq vəziyyətdə belimdən bıçağı çıxararaq Rəşidin harasına gəldi vurdum və "bax indi gör, kim kimin anasını ..." sözlərini işlətdim.
Rəşidi zərblə vurarkən bıçağın tiyəsi əyildi. Zərbələrdən sonra Rəşidin əli boşaldı. O, təxminən 3-4 addım atdıqdan sonra yerə yıxıldı. Rəşidin yanında olan oğlan yaxamdan tutaraq "sən neylədin" deyə mənimlə mübahisə etdi. Ona məndən əlini çəkməsini tələb etdim və daha sonra hadisə yerindən 40-cı məhəllə istiqamətində getdim".

"Sürücü əllərimin qana bulaşdığını gördü"

Mahir Dəmirovun sözlərinə görə, 5 mərtəbəli binanın arxası ilə gedərkən bıçağı otluğa tullayıb: "Bir taksi saxlatdım. Maşına əyləşərək avtovağzala sürməyini istədim. Sürücü əllərimin qana bulaşdığını görüb məni aparmaqdan imtina etdi. Maşından düşdüm və yaxınlıqda olan bir yerdə əllərimin qanını yudum. Tutulacağımı fikirləşərək ailə üzvlərim ilə görüşməyi qərara aldım.

Hadisədən sonra bir neçə dəfə Tural və Nərimanla əlaqə saxlayaraq onlardan Rəşidin ölüb-ölmədiyini soruşdum. Rəşidin xəstəxanaya çatdırıldığını və ölmədiyini bildirdilər. Bundan sonra yol maşınına əyləşərək Bakı şəhərinə, "20 Yanvar" adlanan əraziyə, oradan da Bülbülə qəsəbəsində yaşayan xalam Nərgizin evinə getdim. Xalama hadisəni danışdım. Xalam mənə təcili olaraq polisə gedərək təslim olmağı tapşırdı. Aprelin 9-da Sumqayıt şəhər polis idarəsinə gəldim və təslim oldum. Saxlanılandan sonra eşitdim ki, Rəşid xəstəxanada ölüb".

"Televiziya xəbərlərindən bildim"

Zərərçəkmiş atası Aydın İbişov deyib ki, aprelin 8-də, saat 22:30-da evlərinin yanında olan "Eskadron" adlanan kafenin yanında dayanıb: "Həmin vaxt oğlum Rəşidin tanımadığım 4 nəfər oğlanla birlikdə kafeyə girdiklərini, onunla gələn uşaqlardan birinin telefonla danışa-danışa çölə çıxdığını gördüm.

Onların danışığına əhəmiyyət vermədim və evə getdim. Küçədəki səs-küyə çölə çıxdım. Qardaşım arvadı Sona oğlumun xəstəxanaya aparıldığını bildirdi. Ona "cəhənnəmə aparsınlar, gecənin bu vaxtı onun küçədə nə işi var, gəlib otursun evində" deyə acıqlandım.

Lakin Sonanın həyəcanlı olduğunu gördüm. Bundan sonra maraqlandım və çay evinə yaxınlaşdım. Orada oğlumun bıçaqla vurulduğunu bildim. Təcili tibbi yardım stansiyasına gedərkən Rəşidin artıq əməliyyata götürüldüyünü dedilər. Gecə saat 4-ə kimi gözlədim. Əməliyyatdan sonra oğlumu görərkən qəhərləndim və çölə çıxdım. Aprelin 9-dan 10-na keçən gecə saat 05.00-da Rəşidin xəstəxanada öldüyünü mənə dedilər. Sonradan oğlumun Mahir Dəmirov tərəfindən bıçaqla vurulduğunu televiziyada gedən xəbərlərdən eşitdim".

Hakimlər tərəfləri dinləyəndən sonra yekun qərarı açıqlayıblar. Qərara görə, Mahir Dəmirovun barəsində olan hökm qismən dəyişdirilib. Onun cəzasından 1 il çıxılaraq barəsində 10 il müddətinə cəza təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər