Quba rayonunda baş verən oğurluq və xuliqanlıq cinayətlərinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, iyulun 14-də Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il mayın 31-də rayonun Qırmızı Qəsəbəsi ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olaraq soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş Faiq Xanməmmədov saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı Faiq Xanməmmədov törətdiyi cinayət əməlini etiraf edərək, istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq bir qrup təşkil etdiklərini və zərərçəkən şəxsin evinə qanunsuz daxil olduqlarını, ev sahibinin əl və ayaqlarını yapışqan lentlə bağlayaraq evdən 400 ABŞ dolları, külli miqdarda dəyəri olan bir ədəd qızıl briliant qaşlı üzük, bir cüt briliant qaşlı sırğa və iki ədəd qızıl boyunbağını oğurladıqlarını, soyğunçuluq yolu ilə əldə etdikləri qızıl-zinət əşyalarını Bakı şəhərində yerləşən qızıl alqı-satqısı məntəqələrində sataraq pulları öz aralarında böldüklərini bildirib.
Cinayətdə istifadə etdikləri göz yaşardıcı sprey, yapışqan lent və kapron bağlama maddi sübut kimi istintaqa təqdim olunub.
Faiq Xanməmmədovun ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməlinin də üstü açılıb.
Belə ki adı çəkilən şəxs və digər istintaqa məlum olmayan şəxslərlə birlikdə cari ilin iyunun 25-də Quba rayonunda yerləşən “Nizami” adına olan parkın ərazisində ictimai qaydanı kobud şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə park ərazisində olan rayonun I-ci Nügədi kənd sakini S.Qurbanova qarşı xuliqanlıq edib.
Faiq Xanməmmədov qadını nalayiq söyüşlərlə təhqir edib, yumruq və təpik zərbələri endirməklə onun sağlamlığına zərər vurublar.
Saxlanılan Faiq Xanməmmədovun və digər şəxslərin başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.
Faktlarla bağlı Faiq Xanməmmədovun barəsində Quba rayon polis şöbəsində cinayət işi açılıb.
Hadisədə iştirak etmiş digər şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində zəruri tədbirlər davam etdirilir.