27 Avqust 2018 11:47
1 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə cinayətlərinin qarşısının alınması və bu tip qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq cinayətkar dəstə təşkil etmiş, hədə-qorxu ilə Quba rayon sakini Rasim Neymətovdan pul tələb edərək, onu özünü öldürmə həddinə çatdırmaqda şübhəli bilinən Siyəzən rayon sakini Mərifət Quliyev və Xaçmaz şəhər sakini Anar Mövlanov saxlanılıb.

Saxlanılan zaman Mərifət Quliyevin üzərindən 300 qramdan çox qurudulmuş marixuana aşkar edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Onlar qabaqcadan əlbir olub dəstə təşkil etdiklərini və Rasimdən Xaçmaz şəhər sakini Hafiz adlı şəxsə olan 1900 manat borcunun hədə-qorxu gələrək ödənilməsini tələb etdiklərini bildiriblər.

Zərərçəkənin maddi vəziyyəti yaxşı olmadığından pulu ödəyə bilməyib, bu zaman isə saxlanılar şəxslər yenidən zərərçəkənə hədə-qorxu gələrək özünü oldürmə həddinə çatdırıblar.

Nəticədə Rasim Neymətov cari ilin iyun ayında sol qolunun damarlarını kəsərək intihara cəhd edib.

Saxlanılan şəxslərin digər cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Məlum olub ki, Mərifət Quliyev əvvəllər dəfələrlə məhkum olunub, Anar Mövlanov da əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Mərifət Quliyev və Anar Mövlanov barəsində cinayət işi açılıb.

Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər