Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq törətməkdə təqsirləndirilən Ülviyyə Abdalova həbs edilib.
Teleqraf.com xəbər verir ki, Ülviyyə Abdalova ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb və Bakı istintaq təcridxanasına təhvil verilib.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İstintaq aparılan zaman zamində olan Ülviyyə Abdalova məhkəmənin çağırışlarından yayınıb.
Bu səbəbdən məhkəmə Ülviyyə Abdalovanın barəsində həbs qətimkan tədbiri seçib və o, axtarışa verilib.
Ülviyyə Abdalova Daxili İşlər Nazirliyinin polkovniki, "579 SSA" MMC-nin təsisçisi Eldar Salayev, şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarov və Leyla İsmayılova ilə birlikdə mühakimə edilir.
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Eldar Salayevin 6 il 6 ay, Məhəmməd Qafarovun 7 il, Leyla İsmayovanın 6 il və Ülviyyə Abdalovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmalarını istəyib.
İttihama görə, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında “579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb.
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Eldar Salayev və şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarovun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq, Bakı şəhər sakini Samir Məmmədova (ad, soyad şərtidir) sosial mənzil alınmasında köməklik göstərəcəklərini yalandan vəd ediblər.
İlkin ödəniş adı altında həmin vətəndaşın 5 min manat məbləğində pulunu ələ keçirmələrində, həmçinin cinayəti gizlətmək məqsədilə özləri tərəfindən təsdiq edilib və məzmununa bilə-bilə yalan məlumatları daxil etdikləri mənzil alqı-satqısına dair rəsmi sənədləri ona verməklə vəzifə saxtakarlığı etmələrində şübhələr yaranıb.
Bununla yanaşı, cinayət işinin istintaqı zamanı və həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə həmin vəzifəli şəxslər tərəfindən güzəştli şərtlərlə sosial mənzillərin satılması adı altında digər 25 nəfər vətəndaşın da əmlaklarının ələ keçirilməsi faktları müəyyən olunub.
Məhəmməd Qafarov, Leyla İsmayılova, Ülviyyə Abdalova və Eldar Salayevin barəsində Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, Eldar Salayev Daxili İşlər Nazirliyinin sabiq polkovniki olub.