29 Avqust 2018 10:51
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sevgilisi Gülnarə Sadıqovanı öldürməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Fərhad Şaqalıyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. Apelyasiya şikayətində bəraət hökmünün çıxarılımasını istənilib.

İttihama görə, 2017-ci il oktyabrın 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində paytaxt sakini Fərhad Şaqalıyev qeyri-rəsmi nikah münasibətlərində olduğu 1982-ci il təvəllüdlü Gülnarə Sadıqovanı boğaraq öldürüb. Hadisə vaxtı o, sərxoş olub.

Bir müddət əvvəl o, tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub. Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşüb.

Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməsini, ona daha çox diqqət ayırmasını tələb edib. Bu səbəbdən onların arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə eyni mövzuda mübahisə zamanı Fərhad Şaqalıyev sevgilisini döyüb. Yerə yıxılan qadının söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub. Hadisə Gülnarə Sadıqovanın azyaşlı oğlunun gözü qarşısında baş verib.

Qətldən sonra Fərhad Şaqalıyev azyaşlı uşağı da götürərək Sabunçu rayon Polis idarəsinə gəlib. O, könüllü təslim olaraq törətdiyi hadisə barədə məlumat verib.

Məlum olub ki, Fərhad Gülnarənin 3-cü həyat yoldaşıdır. Hadisəni törədən Fərhad Şaqalıyev isə kiçik sahibkardır.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərhad Şaqalıyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işi üzrə ifadə verən Fərhad Şaqalıyev qeyd edib ki, mərhum Gülnarə ilə münasibətləri yaxşı olub və bir evdə yaşayıblar: “Heç vaxt aramızda kənar söz-söhbət olmayıb. Mənim öz adıma olan evdə belə, qazın sayğacını onun adına yazdırdım. Evlər sənədsiz idi. Sənəd olsa da adına keçirərdim. Yəni münasibətlərimiz çox yaxın idi”.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, mərhum onu tez-tez qısqanırmış: “Həmin gün də qısqanclıq üstündə mübahisə elədik. Mən Sabunçuda bir nəfərin evini götürüb təmir etdirirdim. Evin sahibi Minəxanım idi. Mən onunla işlə bağlı telefonla danışırdım. Gülnarə də mənim telefonuma baxırdı, qısqanırdı ki, niyə onunla telefonla danışıram, o mənə niyə zəng edib. Dedim ki, Minəxanımın 60 yaşı var, aramızda heç nə yoxdur”.

Fərhad Şaqalıyevin sözlərinə görə, yenə də ona zəng gələndə telefonu Gülnarə götürüb: “Buna əsəbiləşdim və telefonu əlindən aldım. Bu zaman Gülnarə məni söydü. Ona bir sillə vurdum. O da gül qabını götürüb məni vurdu. Söyüş söyəndə ona yumruq atdım. Başı şkafa dəydi. İkinci dəfə vuranda isə başı kombiyə çırpıldı. Qolları açıq şəkildə yerə yıxıldı. Müstəntiq yazıb ki, mən onu ayağımla boğmuşam. Amma yalandır. O, yerə yıxılanda bir də üstümə hücum eləməsin deyə ayağımı üstünə qoydum. Sonra telefonu divandan götürüb baxdım. Mən ayağımı onun üstünə qoyduğumu demişəm, ayağımla boğduğumu deməmişəm”.

Fərhad Şaqalıyev qeyd edib ki, Gülnarəni tamah məqsədilə öldürməyib. O, tamah məqsədilə Gülnarəni öldürməsi barədə yazılan ittihamın yalan olduğunu deyib.

Apelyasiya şikayəti üzrə növbəti proses sentyabrın 11-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər