Baş Prokurorluq qanunsuz fəaliyyətlə məşğul olan şirkət rəhbərinin əməlləri ifşa edilməsi barədə açıqlama yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən islahatlar çərçivəsində görülən işlərdən biri kimi tikinti, turizm və nəqliyyat sahələrində uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi, o cümlədən nəqliyyat sahəsində aparılan islahatlar nəticəsində respublikanın avtomobil və dəmir yolları infrastrukturu müasir standartlara uyğun şəkildə yenidən qurulması qeyd edilən sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir.
Bununla belə, bəzi hüquqi və fiziki şəxslər tərəfindən şəffaf prosedurlar əsasında sahibkarlığın inkişafına və biznes mühitinin yaxşılaşdırılmasına, tikinti və turizm sektorunun sağlamlaşdırılmasına göstərilən dövlət dəstəyindən sui-istifadə halları müşahidə olunur ki, onlara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Belə ki, “Evrokord 2” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq zamanı cəmiyyətin direktoru Nəsimi Güləliyevin öz qulluq mövqeyindən istifadə etməklə tanışları Mübariz Heydərov və Rafik Əhmədovla qabaqcadan əlbir olaraq guya Xudat şəhərindən Qusar rayonunda yerləşən “Şahdağ” və Qəbələ rayonunda yerləşən “Tufandağ” turizm mərkəzlərinə yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihənin icrasının rəhbəri olduğu təşkilata həvalə edilməsi barədə ayrı-ayrı vətəndaşlara yalan məlumatlar verərək bununla əlaqədar təcrübəli kadrlara ehtiyacı olduğunu bildirib işə qəbulla bağlı cəmiyyətin maddi-texniki bazasının formalaşdırılmasına dəstək adı altında onlardan müxtəlif məbləğlərdə pulları dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaq zamanı N.Güləliyevin dövlət orqanlarında rəhbər vəzifədə işləyən tanışları olduğunu yalandan bildirərək məcburi köçkünlər üçün tikilən çoxmərtəbəli yaşayış binalarından mənzil verilməsi, dövlət orqanlarına rüşvət müqabilində işə qəbul etdirmək imkanına malik olduğunu yalandan vəd verib 37 min manat pulu aldatma yolu ilə ələ keçirməsinə, habelə başqalarını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə N.Güləliyev Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə), M.Heydərov və R.Əhmədov isə həmin Məcəllənin 178.2.1, 178.2.4 və 32.5, 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə köməklik göstərmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin əməllərinin dairəsinin müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu qeyd edilən qanunazidd hallarla üzləşən ölkə vətəndaşlarına müraciət edərək, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və ya 361-11-76, 361-11-48 nömrəli telefonlara məlumat vermələrini xahiş edir.