Qaçaqmalçılıq yolu ilə azərbaycanlı həkim-kosmetoloqlara dərman gətirməkdə təqsirli bilinən İmran Abizadə və Zəkiyə Qələndərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
İmran Abizadə 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından həbs olunub.
Digər təqsirləndirilən Zəkiyə Qələndərovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona şərti cəza verilib.
Qeyd edək ki, bundan əvvəl çıxış edən prokuror İmran Abizadənin 8 il, Zəkiyə Qələndərovanın isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
İstintaq dövründə təqsirləndirilən şəxslər İmran Abizadə və Zəkiyə Qələndərovanın barələrində həbs növündə qətimkan tədbirləri seçilməyib.
İttihama görə, ayrı-ayrı həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən, məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər daxil olub.
Bu səbəbdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb.
İstintaq müəyyən edib ki, Jahani Hiveh Hamid Mohammadin yaşadığı ünvanda keçirilmiş baxış zamanı üzərində “Canotix 50 units” sözləri yazılmış və satış qiyməti 80 manat təşkil edən 52 ədəd dərman preparatı, “Canotix 100 units” sözləri yazılmış və qiyməti 110 manat təşkil edən 66 ədəd dərman vasitələri və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumilikdə 314 ədəd şüşə konteynerdə qablaşdırılmış dərman vasitəsi, habelə həmin qablaşdırmaların üzərinə yerləşdirmək üçün üçün istifadə olunan yapışqan etiketlər və digər bu kimi dərman preparatları aşkar edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınan İmran Abizadə və Zəkiyə Qələndərova qeyd edilən dərman vasitələrini gömrük orqanlarına bəyan etmədən ölkə ərazisinə gətiriblər.
Bundan başqa, Jahani Hiveh Hamid Mohammad kuryer xidmətlərindən istifadə etdiyi qohumu, Bakı şəhər sakini İlqar Qədirova məxsus “Chevrolet Cruze” markalı avtomobilinə baxış keçirilib, üzərində “Canotix 50 units” sözləri yazılmış 8 ədəd və “Canotix 100 units” sözləri yazılmış 7 ədəd dərman preparatları aşkar edilərək götürülüb.
Aparılmış istintaqla həmçinin müəyyən edilib ki, İran İslam Respublikasının vətəndaşı Ghahremani Hafez Habib “Dərman Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin tələbinə əsasən, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız Səhiyyə Nazirliyi və ya onun səlahiyyət verdiyi qurum tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verildiyi halda, qanunun həmin tələbini pozaraq, Tehran-Bakı-Tehran marşrutu üzrə idarə etdiyi “Scania” markalı 86b666-10 qeydiyyat nişanlı sərnişin avtobusu ilə 21 fevral 2018-ci il tarixdə saat 11 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına Astara Gömrük keçid məntəqəsindən külli miqdarda malları - 100 ədəd “Canotix 50 units” dərman preparatını sellofan torbaya bükərək avtobusun salonunda gizlədib gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq edib.
İmran Abizadə qanunsuz olaraq dərman preparatları və kosmotoloji vasitələrin satışı ilə məşğul olmaq üçün 2017-ci ilin noyabrından 2018-ci il fevralın 20-dək olan dövr ərzində müxtəlif vaxtlarda İran İslam Respublikasından Azərbaycan Respublikasına Astara Gömrük keçid məntəqəsindən gömrük nəzarətindən hissə-hissə gizli keçirdiyi külli miqdarda malları - cəmi 16.515 manat dəyərində 245 ədəd mənşəyi məlum olmayan “Canotix 100 units” dərman preparatını Bakı şəhər sakini Zəkiyyə Qələndərovaya satıb.
Qeyd edilən faktlarla Jahani Hiveh Çi Hamid, Fakhri Dameşgiyeh Xosro, Qəhrəmani Hafez Habib və İmran Abizadə dərman vasitələrinin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olmaqla və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların külli miqdarda keçmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub.
Jahani Hiveh Chi Hamid və Abizadə İmran İbrahim oğlunun barəsində polisin nəzarəti altına vermə, Fakhri Dameşgiyeh Xosronun və Ghahremani Hafez Habib barəsində isə həbs növündə qətimkan tədbirləri seçilməyib.
Qeyd edək ki, İran vətəndaşlarının cinayət işi ayrıca icraata ayrılıb, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.