27 Sentyabr 2018 10:01
1 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən AtraBank Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuş Elmixan Nəbiyevin barəsində olan hökmdən verilən apelyasiya şikayəti və protesti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Həmçinin prokuror tərəfindən təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması barədə verdiyi apelyasiya protesti müəyyən olunub.

Növbəti proses oktyabrın 10-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmixan Nəbiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Bu hökmdən narazı qalan Elmixan Nəbiyev apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin prokuror tərəfindən apelyasiya protesti verilib. O, Elmixan Nəbiyevin barəsində ağır cəza təyin olunmasını tələb edib.

Qeyd edək ki, birinci instansiya məhkəməsində çıxış edən prokuror Elmixan Nəbiyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, AtraBank Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olmuş Elmixan Nəbiyevin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırlıb.

İstintaq zamanı Elmixan Nəbiyevin AtraBank ASC İdarə Heyətinin sədri işləyərkən bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələr təşkil edib, faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirib.

Daha sonra rəhbərlik etdiyi bankın tələb olunan formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaradıb, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirərək mənimsəyib.

Elmixan Nəbiyev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda tərədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AtraBank ASC ilə yanaşı Bank Standard QSC, ZaminBank ASC, Bank of Azerbaijan ASC, GəncəBank ASC-nin, həmçinin ləğvetmə prosesində olan digər bankların vəzifəli şəxsləri barəsində, habelə qeyd edilən banklardan külli miqdarda kredit götürərək müxtəlif üsullarla, o cümlədən mənimsəmə və ya digər formada talamaqla həmin kreditləri ödəməyən fiziki və hüquqi şəxslərin məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ilə birgə zəruri tədbirlər davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər