28 Sentyabr 2018 16:26
1 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prokuror çıxış edərək, Müzəffər Sərxanbəyovun barəsində olan polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilməsini, onun məhkəmə zalından həbs edilməsini istəyib.

Məhkəmə prokurorun vəsatətini təmin edib və Müzəffər Sərxanbəyovun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs olunub.

Daha sonra məhkəmənin baxış iclası oktyabrın 5-nə təyin edilib.

İttihama görə, bu ilin mayında Müzəffər Sərxanbəyov paytaxtın Bülbül prospektində yerləşən gecə klublarından birində əyləndikdən sonra tanımadığı şəxslərlə mübahisə edib.

Mübahisə gecə klubundan çöldə davam edərkən Müzəffər Sərxanbəyov əlini bıçağa atıb.

Daha sonra o, mübahisə etdiyi iki şəxsə bıçaqla xəsarət yetirib.

Hadisə söyüş üstündə baş verib.

İstintaq orqanı tərəfindən Müzəffər Sərxanbəyovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma), 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində sağlamlığa ağır xəsarət yetirmə) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır zərərvurma) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər