Şəki şəhərində 9 ay ərzində baş verən cinayət faktları və keçirilən əməliyyat tədbirləri ilə bağlı açıqlama yayılıb.
Şəki şəhər-rayon polis şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, şöbənin şəxsi heyəti cari il ərzində qarşıya qoyulan vəzifə və tapşırıqları rəhbər tutaraq vətəndaşların və dövlətin qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunması sahəsində sistemli, məqsədyönlü tədbirləri davam etdirib.
Qeyd olunub ki, rayon ərazisində əməliyyat şəraiti və kriminogen durum bütövlükdə tam nəzarətdə saxlanılıb, 2018-ci ilin doqquz ayı ərzində yüksək göstəricilər əldə edilib:
“Cari il ərzində ümumilikdə 192 cinayət hadisəsi qeydə alınıb, açılma faizi 98,4 faiz təşkil edib. Qeydə alınmış bu cinayət hadisələrindən yalnız 12-i ağır və xüsusilə ağır cinayətlər təşkil edib ki, onların da açılması 100 faiz təmin edilib. Digərlərindən 109-u az ağır, 71-i isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olanlardır”.
Bildirilir ki, “əsrin bəlası” hesab edilən narkomaniyaya qarşı mübarizədə də polis əməkdaşları fəallıq nümayiş etdiriblər:
“9 ay ərzində ümumilikdə 33 fakt müəyyən edilib ki, bu faktlar üzrə 6 kq-a yaxın narkotik tərkibli maddələr qanunsuz dövriyyədən çıxarılıb. Hesabat dövründə aşkar edilmiş 33 faktdan 22-i saxlama, 8-i satış, 3-ü əkin olub. “Xaş-Xaş-2018” şərti adlı tədbirlər planına uyğun keçirilmiş tədbirlər nəticəsində 20 tondan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları yandırılma yolu ilə məhv edilib”.
Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama xətası barədə cəmi 110 inzibati icraat işi açılıb, onlardan 96-ı tamamlanaraq aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib, 5-i isə hal-hazırda icraatdadır.
Xırda talama xətası üzrə dəymiş maddi ziyandan 84,4 faizinin ödətdirilməsi təmin olunmuş, açılma isə 87,3% təşkil etmişdir.
Yuxarıda qeyd olunan göstəricilərdən əlavə polis əməkdaşları tərəfindən sakinlər arasında, təhsil müəssisələrində vaxtaşırı maarifləndirmə tədbirləri keçirilmiş, “ Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” və “ Dini radikalizmə qarşı mübarizə” kimi dövrün aktual mövzuları ətrafında profilaktiki söhbətlər aparılıb.