Bakıda gecə klubunda cinayət törətməkdə təqsirli bilinən Xanlar Abudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Məhkəmə Xanlar Abdunovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Onun cəzası şərti hesab edilib və məhkəmə zalından sərbəst buraxılıb.
İttihama görə, bu ilin martında Yasamal rayonu, İzmir küçəsində yerləşən "Solfeggio Lounge & Club"da gecə saatlarında əylənməyə gələn 1991-ci il təvəllüdlü Tərlan Rəhimov naməlum şəxslərlə əlbəyaxa dava edib.
Naməlum şəxslərdən biri ona bir neçə bıçaq zərbəsi endirib. Yaralı təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Araşdırmalar zamanı məlum olub ki, Tərlan Rəhimovu Xanlar Abudov bıçaqlayıb.
Onlar arasında çoxdan şəxsi ədavət olub. Ancaq uzun müddət bir-birini görməyən gənclər təsadüfən gecə klubunda rastlaşıblar.
Aralarındakı ədavəti çözə bilməyən gənclərin əlbəyaxa davası qanla nəticələnib.