Dələduzluqda təqsirli bilinən Ağcabədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərov və onun tanışı Rüstəm Bayramovun məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə zamində olan təqsirləndirilən Münsif Səfərovun məhkəməyə gəlmədiyi məlum olub.
Münsif Səfərovun dəfələrlə məhkəmənin çağırışlarına gəlmədiyin əsas gətirən hakimlər onun barəsində həbs qətimkan tədbiri seçiblər.
Münsif Səfərovun barəsində axtarış elan edilib və onun həbs edilməsi üçün qərar Daxili İşlər Nazirliyinə göndərilib.
Qeyd edək ki, bu ilin iyulun 18-də cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb, çıxış etmək üçün prokurora vaxt verilib.
Həmin vaxtdan bir neçə dəfə məhkəmə iclası təyin olunsa da, sabiq icra başçısı məhkəməyə gəlməyib.
İttihama görə, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan küllü miqdarda pul götürüblər.
Fərabi Mənsura 60 min manat ziyan vurulub.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Rüstəm Bayramov barəsində həbs qətimkan tədbiri seçilsə də, Münsif Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib.
Münsif Səfərov 1992-ci ildə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.