Rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Tərlan Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib.
Tərlan Bağırovanın barəsində həbs qətimkan tədbiri seçilib, o, məhkəmə zalından həbs edilib.
Hakim qərarda göstərib ki, Tərlan Bağırova məhkəmənin çağırışlarına vaxtında gəlməyib. Bu səbəbdən onun barəsində belə bir qərar qəbul edilib.
Qeyd edək ki, Tərlan Bağırova oktyabrın 22-ə təyin olunmuş prosesdə iştirak etməmişdi. Bu səbəbdən həmin gün prosesin keçirilməsi bu günədək təxirə salınmışdı.
Növbəti proses noyabrın 12-də davam edəcək.
İttihama görə, Yasamal rayonu, Əhməd Cəmil küçəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyev rüşvət almaqda, dələduzluq etməkdə təqsirli bilinirlər.