Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Təqsirləndirilən şəxs S.Şabanov ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, bir müddət əvvəl həyat yoldaşı ilə ayrılıb və məhkəmə ona övladına görə aliment kəsib: "Hər ay aliment verə bilmirdim. 6 min manat aliment borcum vardı. Borca görə məhkəmə icra şöbəsindən çağırdılar. Keçmiş qayınatam məndən şikayət etmişdi. İcraçıların yanına getdim. Qayınatam də ordaydı. Mübahisə elədik və çıxıb evə getdim. Məsələni aydınlaşdırmaq üçün axşam yenə onunla görüşdük. Söhbətimiz düz gəlmədi, mən də onu vurdum”.
Proses noyabrın 7-də davam edəcək.
İttihama görə bu il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Şabanovun küt alətlə qətlə yetirilmiş meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şabanov saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.