8 Noyabr 2018 15:34
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələn ağır-yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Urxan Orucovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Urxan Orucovun barəsində 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəkməsi qərara alınıb.

Hökmdə həmçinin Urxan Orucovun 1000 manat cərimə olunması qərara alınıb.

Urxan Orucov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, prokuror Urxan Orucovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, bu il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub.

Səlim Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Urxan Orucov saxlanılıb.

Urxan Orucov peşəkar idmançıdır.

Kikboksinq və kunq-fu idman növləri ilə məşğul olan Urxan Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.


Müəllif: Hacı Zeynalov