13 Noyabr 2018 10:58
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda xuliqanlıqda təqsirli bilinən iş adamı Azadxan Xanməmmədov və Riyad mühafizə xidmətinin əməkdaşı Emil İsgəndərovun kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi il baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Azadxan Xanməmmədovun və Emil İsgəndərovun bəraət istəmələri barədə kasasiya şikayətləri təmin olunmayıb.

Qeyd edək ki, dəstə üzvləri Riyad mühafizə xidmətinin əməkdaşları Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayevlə bağlı şikayət Ali Məhkəməyə daxil olmayıb.

Bu səbəbdən bu şəxslərlə bağlı araşdırma aparılmayıb.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Təqsirləndirilən şəxslər Emin İsgəndərovun, Savalan Məhərrəmovun və Məzahir Qurbanovun apelyasiya şikayətləri qismən təmin edilib.

Emin İsgəndərovun 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 ilə, Savalan Məhərrəmovla Məzahir Qurbanovun 2 illik cəzası isə 1 ilə endirilib. Digər təqsirləndirilən şəxslərin apelyasiya şikayəti və prokuror tərəfindən verilən apelyasiya protesti təmin edilməyib.

Binəqədi rayon Məhkəməsinin hökmü ilə Azadxan Xanməmmədov 4 il, Emin İsgəndərov 4 il, Savalan Məhərrəmov 3 il, Məzahir Qurbanov 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə digər şəxsləri 2 il islah işlərinə məhkum edib.

Həmçinin Binəqədi rayon Məhkəməsində çıxış edən dövlət ittihamçısı Hilal Abbasov da apelyasiya şikayəti verərək, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Binəqədi rayon Məhkəməsində çıxış edən prokuror Azadxan Xanməmmədovun 4 il, Emin İsgəndərovun 7 il, Aris Həsənovun 3 il 6 ay, Ramin Hüseynovun 3 il 6 ay, Məzahir Qurbanovun 4 il, Ramil Hüseynovun 3 il 6 ay, Təbriz Hüseynin 3 il 6 ay, Rafiq Vəliyevin 3 il 6 ay, Murad Məmmədovun 3 il 6 ay, Elvir Vəliyevin 3 il 6 ay, Azər Əliyevin 3 il 6 ay, Əvəz Ağayevin 3 il 6 ay, Savalan Məhərrəmovun 4 il, Yadigar Əliyev 3 il 6 aymüddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, ötən il iyunun 8-də səhər saatlarında Riyad Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi, 1 ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb.

Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb. İnsidentin səbəbinə gəlincə, bir müddət əvvəl sahibkar Azadxan Xanməmmədov sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satıb, amma sənədləri rəsmiləşdirməyib, əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

O, mağazanın boşaldılması üçün Riyad Mühafizə Xidmətinə müraciət edib.

Hadisə ilə bağlı Azadxan Xanməmmədov, Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayev saxlanılaraq istintaqa cəlb olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə ittiham ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər