Bakının Səbail rayonunda qətl hadisəsi törədən Faiq Abdullayev həbs edilib.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baş tutan qapalı iclasda müstəntiqin vəsatəti təmin olunub.
Faiq Abdullayevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bundan əvvəl Faiq Abdullayevin atası Sakit Abdullayevin də barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, bu il oktyabrın 17-də Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini olan bir yeniyetmə həmin gün gecə saat 2 radələrində naməlum şəxsin onların Bayıl qəsəbəsində yaşadıqları evdən oğurluğa cəhd göstərdiyini, atası Sakitlə rastlaşdığında onu əli ilə vuraraq qaçdığını bildirib.
Dərhal Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və əməliyyat tədbirlərinə başlanılıb.
Oktyabrın 19-da saat 8 radələrində Səbail rayonunun A.İsmayılov küçəsində üzərində zorakılıq əlamətləri olan 40-45 yaşlı kişi meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi, Səbail rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşlarının birgə apardıqları araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhəd Həsənov olduğu müəyyənləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində Əhəd Həsənovun Bayıl qəsəbəsindəki həmin evə oğurluq məqsədilə girdiyinə görə mənzilin sahibi Sakit Abdullayev və digər oğlu Faiq tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.
Araşdırmalarla Sakit Abdullayevin azyaşlı oğlunun “102 – Zəng Mərkəzi”nə də cinayətin izini itirmək məqsədilə zəng etdiyi məlum olub.
Qəsdən adam öldürməkdə şübhəli bilinən Sakit Abdullayev və Faiq Abdullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.
Məlum olub ki, Əhəd Həsənov burğacla (otvyorka) silahlanaraq sahiblərin yatdığı evə girib. Oğru kombi qızdırıcı aparatının qoyulduğu yeri əvvəlcədən təyin edib və ora yaxınlaşaraq kombini sökməyə başlayıb.
Elə bu vaxt Sakit Abdullayev yuxudan oyanıb. Kişi yerindən qalxaraq tualetə gedib və orada kranda isti suyun olmadığını görüb. O, problemin nədən qaynaqlandığını ayırd etmək üçün kombi aparatına tərəf gedib. Orada naməlum şəxsin kombinin vintlərini necə tam gücü ilə açdığını görüb. Ev sahibi oğrunu zərərsizləşdirmək üçün öz oğlunu köməyə çağırıb.
Əhəd Həsənov bu zaman burğacı götürərək Sakit Abdullayevin üstünə cumub onun sol gözünü yaralayıb.
Sonra o, Sakit Abdullayevi yerə uzadaraq bir-birinin ardınca ona burğacla zərbələr endirib.
Sakit Abdullayevin köməyə gələn 18 yaşlı oğlu Faiq Abdullayev oğrunun qan içində olan atasını öldürməyə cəhd etdiyini görüb.
Bu zaman həyəcanlanmış gənc bıçaq götürərək Əhəd Həsənovu zərərsizləşdirib. Faiq Abdullayev nə etdiyinin fərqinə varanda, artıq gec olub, Əhəd Həsənov ölüb.
İstintaq orqanı tərəfindən Sakit Abdullayev və Faiq Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Hər iki şəxsin barəsində Səbail rayon Prokurorluğunda istintaq davam edir.