20 Noyabr 2018 15:02
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadını və qayınanasını öldürməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əliövsət Abasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 29-na təyin edilib.

İttihama görə, bu il mayın 21-də Ramin İsmayılov Xətai rayonu, Naximov küçəsində 1954-ci il təvəllüdlü Mahirə İsgəndərova və 1987-ci il təvəllüdlü Günay İsgəndərovanı yaşadıqları evdə bıçaqlayaraq öldürüb.

Məlum olub ki, Mahirə İsgəndərovanın oğlu evə qayıdarkən, qadınları evdə qan içində görüb və bu barədə Xətai rayon Polis İdarəsinə məlumat verib.

Günay İsgəndərova bir müddət əvvəl həyat yoldaşından ayrılaraq qardaşının və anasının yaşadığı evə köçüb. Ramin İsmayılov mayın 21-də, axşam saatlarında onun yaşadığı evə gələrək, həyat yoldaşını döyüb, buna müdaxilə edən Mahirə İsgəndərovanı isə bıçaqlayıb.

Bundan sonra o, həyat yoldaşına da çoxsaylı bıçaq zərbələri vurub. Hər iki şəxs çoxlu qan itirdiyindən ölüb.

İstintaq orqanı tərəfindən Ramin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansıqla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov