Sumqayıt şəhərində qadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən Elvin Əhmədovun (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Elvin Əhmədov 6 mart 2016-cı ildə, gecə saat 3 radələrində özünə məxsus olan “Moskviç-4212” markalı avtomobillə yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayondakı binanın həyətinə gəlib.
Qadınla binanın həyətində rastlaşdı
Bu zaman Elvin Əhmədov onunla eyni binada yaşayan və əvvəllər intim münasibətdə olduğu Gülnarə Dadaşovanın evdən çıxdığını, şəhər bazarı istiqamətinə getdiyini görüb.
Elvin Əhmədov bir qədər gözlədikdən sonra avtomobillə Gülnarə Dadaşovanın arxasınca gedib. O, Sumqayıt şəhərində yerləşən “Cavid” ticarət mərkəzinin yaxınlığına çatdıqda Gülnarə Dadaşovanın işarəsi ilə avtomobili onun yanında saxlayıb.
Avtomobildə intim əlaqə
Elvin Əhmədov Gülnarə Dadaşovanın “Sumqayıt stansiyası” adlanan qəsəbədə yaşayan bacısıgilə getmək istədiyini bilib. O, Gülnarə Dadaşovanı avtomobilə mindirib, həmin qəsəbəyə yola düşüb.
Yolda Elvin Əhmədov idarə etdiyi avtomobildə Gülnarə Dadaşovanın razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonra birlikdə Sumqayıta qayıdarkən, avtomobildə Gülnarə Dadaşova ilə Elvin Əhmədov arasında mübahisə yaranıb.
Yolda mübahisə
Mübahisə zamanı Gülnarə Dadaşova aralarında baş vermiş intim münasibət haqqında Elvin Əhmədovun arvadına məlumat verəcəyini bildirib, onun ölmüş atası və digər ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.
Buna görə Elvin Əhmədov Gülnarə Dadaşovadan qisas almaq qərarına gəlib. Bu məqsədlə o, idarə etdiyi avtomobili qəsəbədə yerləşən şirniyyat sexinin qarşısında saxlayıb və Gülnarə Dadaşovanı idarə etdiyi avtomobildən zor tətbiq etməklə düşürüb.
Qətl
Elvin Əhmədov yumruqla Gülnarə Dadaşovanın sifət nayihəsinə zərbələr vurub, sonuncu həmin zərbələrin təsirindən yerə yıxılıb.
Daha sonra Elvin Əhmədov təpiklə Gülnarə Dadaşovanın başı və bədəninin digər nahiyələrinə çoxsaylı zərbələr vurub. Gülnarə Dadaşova aldığı zərbələrin təsirindən ölüb.
Cinayətin izini itirdi
Elvin Əhmədov Gülnarə Dadaşovanın öldüyünə əmin olduqdan sonra törətdiyi cinayətin izini itirmək, onun guya avtomobillə vurularaq öldüyü görüntüsünü yaratmaq qərarına gəlib.
Bu məqsədlə o, Gülnarə Dadaşovanın meyitini Bakı-Quba magistral yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsinin sol tərəfində yerləşən və avtomobillərin intensiv hərəkət etdiyi hərəkət zolağında qoyub. Sonra hadisə yerindən uzaqlaşıb.
Yol qəzası, yoxsa...
Həmin gün saat 5 radələrində Şamil Rəhmanovun idarə etdiyi “Mercedes-Benz180” markalı avtomaşın, eləcə də digər avtomaşınlar yolun hərəkət zolağında qalmış Gülnarə Dadaşovanın meyitinin üstündən keçib.
Baş verən hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Ekspertiza rəyi ilə Gülnarə Dadaşovanın ölüm vaxtı qeyd olunub.
Araşdırmalar zamanı Gülnarə Dadaşovanın Elvin Əhmədov tərəfindən öldürüldüyü məlum olub. Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində Elvin Əhmədov həbs edilib.
17 il cəza
Elvin Əhmədova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Əhmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən qanunla müəyyən olunmuş müddət ərzində apelyasiya şikayəti verilməyib. Müddət başa çatdıqdan sonda Elvin Əhmədov hökmdən apelyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə vəsatət verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə vəsatətin təmin edilməməsi barədə qərar qəbul edilib.
Məhkumun şikayəti
Bu qərardan narazı qalan Elvin Əhmədov apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Elvin Əhmədovun apelyasiya şikayəti təmin olunmayıb.
Daha sonra məhkum kasasiya şikayəti verib. Onun kasasiya şikayəti Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Elvin Əhmədovun kasasiya şikayəti təmin olunmayıb.