1 Dekabr 2018 15:12
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində narkotik alverində ittiham olunan İlkin Əskərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, İ.Əskərov satış məqsədi ilə bir ədəd polietilen torba bükümündə 256,816 qram narkotik vasitə olan heroin əldə edib.

Daxil olan məlumat əsasında Şirvan şəhər polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən 26 fevral 2018-ci il tarixdə, saat 22 radələrində əməliyyat-axtarış tədbirləri keçirilib.

Əməliyyat nəticəsində İ.Əskərov Şirvan şəhərinin leytenant M.İbrahimov küçəsində saxlanılıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əskərov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmündən narazı qalan İ.Əskərov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham elan edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin olunmasını xahiş edib.

O qeyd edib ki, narkotik vasitəni təsadüf nəticəsində tapıb və narkotik vasitə olduğunu bildiyi üçün istifadə etmək üçün özündə saxlayıb:

“Eşitmişdim ki, narkotik qəbul edəndə adam hallı olur. Mən də narkotiki tapanda bu söz yadıma düşdü. Ona görə də narkotiki özümdə saxladım ki, çəkim hallanım. Amma narkotikin dadına baxa bilmədim. Polislər tərəfindən həbs edildim”.

İ.Əskərovun apelyasiya şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Apelyasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, İ.Əskərovun apelyasiya şikayəti qismən təmin olunub.

Onun cəzası 5 il 6 aya endirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər