Rusiya kəndlərinin birində düzənlənən toyda faciə yaşanıb.
Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Altay Respublikası Ust-Kanski rayonunun Verx-Yaboqan kəndində baş verib.
Dekabrın 15-də 29 yaşlı Aleksandr da kənd klubunda qeyd olunan nigah mərasiminə dəvətlilər arasında idi. Toyda hər şey öz axarında gedirdi, o vaxtacan ki, Aleksandr hələ sərxoş olmamışdı.
Həddən artıq spirtli içki qəbul edən kənd sakini məclisdə digər qonaqlarla mübahisə etməyə başlayır. Aleksandrı sakitləşdirsələr də qonaqların üstünə hücum çəkir, söyüş söyür, onları vurmağa çalışırdı.
Ara bir qədər sakitləşmişdi. Kimi oynayır, kimi deyir-gülür, yeni ailə quran cütlüyü təbrik edirdilər. Diqqətdən kənarda qaldığını sanan sərxoş yenidən diqqətə gəlmək məqsədilə evə gedərək özü ilə ov bıçağı götürüb geri dönür.
Mübahisə etdiyi 40 yaşlı həmkəndlisinə yaxınlaşır və qəfildən bıçağı onun sinəsinə sancır. Yaralı elə hadisə yerindəcə dünyasını dəyişir. İşi belə görən “dəliqanlı” qaçaraq hadisə yerindən uzaqlaşır.
Qısa müddətdə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılır.
Qeyd edək ki, Əyalət İstintaq Komitəsinin İstintaq İdarəsi tərəfindən cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.