“Azərbaycan Beynəlxalq Bank” ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən Mənsur Zeynalov, Fərhad Əmiraslanov, Rauf Əliyev və Seyfulla Seyfullayevin barəsində olan məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.
Qərara görə, Mənsur Zeynalovun 4 il azadlıqdan məhrumetmə cəzası 2 il 6 aya, Fərhad Əmiraslanovun cəzası 5 ildən 2 ilə, Seyfulla Seyfullayevin cəzası isə 5 ildən 3 ilə endirilib.
Həmçinin Seyfulla Seyfullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona təyin edilmiş sonuncu cəza şərti hesab edilib, məhkəmə zalından azadlığa buraxılıb.
Digər təqsirləndirilən Rauf Əliyev kasasiya şikayətini geri götürdüyü elan edilib.
Digər təqsirləndirilən Dünyamin Xəlilov kasasiya şikayəti verməyib. Bu səbəbdən Ali Məhkəmədə onunla bağlı hissədə cinayət işi araşdırılmayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq deputat Dünyamin Xəlilov Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Zamində olan Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Mənsur Zeynalov 5 il müddətinə cəza kəsilib. Onlar məhkəmə zalında həbs edilib. Şakir Musayev, Rauf Əliyev və Ruslan Əsgərov 4 il müddətinə şərti cəza alıb.
Hökmdən narazı qalan Dünyamin Xəlilov və digər təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar bəraət hökmünün çıxarılmasını istəyiblər.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Dünyamin Xəlilovun cəzası 12 il 9 aya endirilib, Mənsur Zeynalovun cəzasının 4 il 6 aya endirilməsi barədə qərar qəbul edilib. Qalan təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Dünyamin Xəlilov Azərbaycan Beynəlxalq Bankı ASC İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub.
O, Səbail Mebel ASC-nin baş direktoru Seyfulla Seyfullayev, Aqora MMC-nin direktoru Fərhad Əmiraslanov, Kondor Qrup MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə cinayətkar qrup – mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakını qəsdlə və təkrar talayaraq mənimsəyib.
Dəstə üzvləri həmçinin Azərbaycan Beynəlxalq Bankına külli miqdarda ziyan vurublar.
Daha sonra təqsirləndirilən Rauf Əliyevin apelyasiya şikayətinin verilmə müddətinin bərpasına görə iş birinci instansiya məhkəməsinə qaytarılması istənilib. Məhkəmə vəsatəti təmin edib. Cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılıb.