20 Fevral 2019 17:10
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə şahidlərin gəlmədiyi məlum olub.

Məhkəmə həmin şahidlərin barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Növbəti proses martın 4-də davam edəcək.

Qeyd edək ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur.

Gülnarə Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Cinayət işində adları hallanan Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.

“İnterpol” xətti ilə beynəlxalq axtarışda olan Fərid Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.

Fərid Yusub Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

İş üzrə zərərçəkmiş qismində Emin Şəkinski tanınır.


Müəllif: Hacı Zeynalov