Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O, bildirib ki, Ağaqədir Osmanov dələduzluq əməllərini 2007-2009-cu illərdə törədib. Dövlət ittihamçısı qeyd edib ki, bu əməllərinə görə ona cəza təyin edilə bilməz.
Prokuror bildirib ki, səbəb cəza təyinetmə müddəti başa çatıb.
Prokuror Ağaqədər Osmanovun Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses martın 1-də davam edəcək.
Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində 3 nəfər tanınır.